Konfransın keçirildiyi yer


Hotel Adlon Kempinski Berlin

Təşkilatçılar


Baku International Centre for Interfaith
and Inter-Civilizational Cooperation

The Embassy of Azerbaijan Republic in Germany

Berlin Academy for Cultural Diplomacy

Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru

Beynəlxalq Konfrans; Hotel Adlon Kempinski Berlin

Berlin, 19 noyabr 2018

Konfrans haqqında

Əsas məqsəd

Sivilizasiyalar və dinlərarası dialoqun əmşkdaşlığa doğru inkişaf etdirilməsi, dini tolerantlıq ənənələrinin qorunmasının əhəmiyyəti, mədəni - mənəvi dəyərlərin təbliğ olunması, habelə müasir dünyanın təhdid və çağırışlarına dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsi.

Əsaslandırma

2016-17-ci illərdə Azərbaycanda və bir sıra xarici ölkələrdə sivilizasiyalar və dinlərarası dialoqun inkişafına həsr olunmuş müxtəlif beynəlxalq tədbirlər, o cümlədən Finlandiyada, İsveçdə, İranda, Türkiyədə, İspaniyada, Rusiyada və Özbəkistanda bu mövzuda birgə Konfranslar keçirilmişdir.

21 dekabr 2017-ci il tarixində Bakı şəhərində keçirilmiş “Dinlər və mədəniyyətlərarası dialoq” Beynəlxalq Konfransında Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin yaradılması təşəbbüsü tədbir iştirakçıları tərəfindən irəli sürülmüşdür.

40 dövlətin,  o cümlədən, Avropa, Avrasiya, Amerika, Afrika, Mərkəzi və Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrinin dövlət, elm, ictimaiyyət xadimləri və dini liderlərinin, habelə 7 beynəlxalq təşkilatın rəhbərlərinin iştirak etdiyi “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” Beynəlxalq Konfransı müasir dünyada terror, ekstremizm, dini radikallıq, aqressiv separatizm, siyasi məqsədlərlə dindən sui-istifadə etmə, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizədə dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın vacibliyini bir daha bütün dünyaya bəyan edərək, belə tədbirlərin davam etdirilməsini və daimi əsaslarda təşkil olunmasını məqsədəuygun saymışdır.

Konfransda birmənalı olaraq qeyd olunmuşdur ki, sivilizasiyalar və dinlərarası dialoqun davam etdirilməsi müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edir. Konfrans iştirakçıları sivilizasiyalar və dinlərarası dialoqun inkişaf etdirilərək əməkdaşlıq səviyyəsinə çatdırılmasında birgə səylərin artırılmasının vacibliyini xüsusi olaraq yekdil mövqedən bəyan etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Bakı Konfransındakı çıxışında tədbirin dünya ictimaiyyəti üçün əhəmiyyəti, sülhün qorunmasında rolu və göstərilən təşəbbüsü yüksək dəyərləndirmiş və yaradılacaq Mərkəzin gələcək fəaliyyətinə Azərbaycan dövləti tərəfindən hərtərəfli dəstək veriləcəyini bəyan etmişdir. Bu məqsədlə, daimi əsaslarda fəaliyyət göstərəcək Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi Bakı şəhərində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təsis edilmiş, Mərkəzin himayədarlar və Məşvərət Şuraları və Katibliyi yaradılmış, gələcək fəaliyyət proqramı - konfrans və digər birgə tədbirlərin təşkili məsələlərinə başlanılmışdır. (Mərkəz haqqında əlavə məlumat təqdim olunur).

Göstərilənlər nəzərə alınaraq, Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi Azərbaycanın Berlindəki Səfirliyi vasitəsilə Almaniyanın müvafiq dövlət və ya qeyri hökumət təşkilatları, dini və elmi mərkəzləri ilə birgə “Sivilizasiyalar və dinlərarası dialoqdan əməkdaşlığa doğru” mövzusunda (Konfransın adı ilə bağlı yeni təkliflər verilə bilər) Konfransın 2018-ci ilin 19 noyabr tarixində Berlin şəhərində  keçirilməsi təklif olunur.

Düşünülür ki, belə tədbirin Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin və dinlərin təmsil olunduğu Almaniyada keçirilməsi bu mühüm əhəmiyyət kəsb edən mövzuya dünya ictimaiyyətinin diqqətinin daha da artmasına və müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə də, dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirməyə zəmin yaradardı.